“Qarabağ KOB-ları 2024” proqramına başlanıb

Blog

2024-11-14

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İnkişaf Korporasiyası QSC-nin birgə təşkilatçılığı, PASHA Holding LLC-nin maliyyə dəstəyi ilə “Qarabağ KOB-ları 2024” proqramına başlanılıb. 

Proqramın məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. 

Proqram çərçivəsində Bakı, Gəncə, Bərdə, Goranboy, Füzuli, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərindən şəhid ailələri, müharibədə iştirak etmiş və yaralanmış şəxslərin özləri və ailə üzvləri arasından yaşadıqları şəhər və rayonda özünüməşğulluq proqramı üzrə məşğulluq mərkəzində qeydiyyatdan keçən və növbəsi çatanlar arasından ümumilikdə 80 nəfər seçilib.

Seçilmiş namizədlər “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial Media Marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzuları üzrə biznes, həmçinin seçilmiş istiqamətlər üzrə təlimlərə cəlb olunublar. 

Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin olunacaqlar. 

Proqram çərçivəsində KOB-ların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin satışını həyata keçirdikləri platforma da yaradılıb. Yeni KOB subyektlərinin məhsul və xidmətləri də həmin platformaya yerləşdiriləcəkdir.