
Dövlət-özəl sektoru əməkdaşlığı çərçivəsində “Milli dəyərlərlə birgə qlobal biznesə!” devizi ilə təşkil olunmuş forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın təşəbbüsü, PASHA Holding LLC-nin maliyyə dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi (Sağlam Təhsil - Sağlam Millət) və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə keçirilib. İnsan İnkişafı Forumunun əsas hədəfi milli dəyərlərə bağlı olmaqla yanaşı qlobal səviyyədə insan kapitalının inkişafına dəstək verməkdir.
Dövlət və özəl qurumların nümayəndələrini, insan resursları üzrə mütəxəssisləri və təhsil ekspertlərini bir araya gətirən tədbirin məqsədi insan potensialının artırılmasını, fərdi və peşəkar bacarıqların erkən yaşlarda formalaşdırılmasını, karyera sahəsində müasir tələb-təklif trendlərini müzakirə etmək, müvafiq sahədə təcrübə mübadiləsi aparmaqdır.
Forumda Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Holding" MMC-nin Baş icraçı direktoru Cəlal Qasımov çıxış ediblər. Çıxışçılar ölkəmizdə insan kapitalının inkişafı və bu sahədə dövlət dəstəyi, bilik və bacarıqların artırılması, sahibkar düşüncə tərzinin təşviqi, təhsil sistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, məşğulluq məsələləri, işəgötürənlər və işçilərin gözləntiləri və s. mövzularda fikir və təkliflərini bölüşüblər.
Tədbir çərçivəsində “İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması” mövzusunda panel müzakirə təşkil olunub, “Balaca tacirlər” və “Azərbaycan biznes mədəniyyəti” kitablarının təqdimatı keçirilib.