Dünya İqtisadi Forumunun “Top 10 skills of 2025” siyahısı

Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir?

1. Məntiqi təfəkkür və yeniliyə açıqlıq
2. Tədqiqatçılıq (aktiv öyrənmə və öyrənmə strategiyaları)
3. Problemlərin kompleks həlli
4. Tənqidi təfəkkür və təhlil
5. Yaradıcı təfəkkür, orijinallıq və təşəbbüskarlıq
6. Liderlik və sosial nüfuz
7. Texnologiyalardan istifadə, monitorinq və nəzarət
8. Texnoloji dizayn və proqramlaşdırma
9. Dözümlülük, stresədavamlılıq və çevik uyğunlaşma
10. Nəzəri düşüncə, problem həlli və ideyaların formalaşdırılması

Məntiqi təfəkkürə malik insan situasiya, problem və prosesləri hissələrə ayırır və onları ayrı-ayrılıqda sistemli təhlil edir, topladığı məlumatları qiymətləndirərək mürəkkəb məsələlərin öhdəsindən gəlməyi bacarır. Yeniliyə açıqlıq (innovasiya) sosial və ya iqtisadi dəyər qazanmaq məqsədi ilə yeni ideyalardan istifadə etmək səriştəsinə aiddir. Bu, daim öz üzərində işləmək və təkmilləşmək, yenidən öyrənmək, professional (peşəkar) mobillik, yeniliyə doğru irəliləmək qabiliyyəti və hazırlığıdır.

Tədqiqatçı suallarına cavab tapmaq üçün müşahidələr aparan, geniş informasiya mənbələrinə yetişən və məlumatlar əldə edən şəxsdir. Bununla yanaşı o, sistemləşdirdiyi məlumatlara əsasən fəaliyyət istiqamətini müəyyənləşdirir, planlaşdırır və onları şərh edir.

Problemləri kompleks həll edən insan problemi ayrı-ayrı hissələrlə deyil, tam şəkildə dərk etmək üçün məlumatların təşkil strukturunu və sistemini anlayan, problemlə sistemin digər elementləri arasında əlaqələri müşahidələr yolu ilə aşkar edən şəxsdir. O, bütün sistemlərdə qarşılıqlı əlaqədə olan hissələrdən bir hissəsinin belə dəyişdirilməsinin digər hissələrə və bütün sistemə təsir etdiyini anlayır. Bu kompetensiyaya malik olan fərd analitik metod və vasitələrdən istifadə edir, sistemin məqsədini müəyyən edib, onu zehnində modelləşdirir, geniş təsvir edir və problemin həllində öz rolunu görür.

Tənqidi təfəkkür və təhlil bacarığına malik insan problem situasiyasını və prosesləri anlayır, həyati problemlərə aid aydın və dəqiq suallar formalaşdırır, müvafiq məlumatlar toplayır və qiymətləndirir, təsəvvür edilməsi üçün abstrakt fikirlərdən istifadə edir. O, həmçinin, alternativ düşüncə sistemlərində açıq düşünür, onların fərziyyələrini və praktiki nəticələrini bilir və qiymətləndirir.

Yaradıcı təfəkkürə malik olan şəxs hər bir məsələnin həlli yollarını digərlərindən fərqli, orijinal şəkildə görür və gizli cəhətləri aşkar edir. Təşəbbüskar olmaqla o, aşkar edilmiş imkanlara uyğun sərbəst hərəkət edir. Yaradıcı insan fəaliyyətin sonunda detallıqları ilə işlənmiş ilkin və təkrarsız yeni məhsul yaradır, əldə olunan nəticələri dəyərləndirir və əlaqələndirir, interaktiv təcrübə qurur və qeyri-adi cavabları meydana çıxartmaq üçün anlayışlar ortaya çıxarır.

Lider iş keyfiyyətlərini yüksəltmək üçün komanda üzvlərinin və özünün inkişafını təşkil edir, qrup üçün istiqamət və qaydaları müəyyənləşdirir, onlara təsir edir və nüfuz sahibi olur. Lider yalnız qrup daxilində deyil, qrupdankənar əlaqələri genişləndirir və əməkdaşlığı təmin edir, məqsəd və prioritetləri müəyyənləşdirir, məqsədə çatmaq üçün fəaliyyət, vaxt və resursları dəyərləndirir.

Texnologiyadan istifadə, monitorinq və nəzarət elm-texnika sahəsi üzrə qabaqcıl dünya təcrübəsini öyrənməyi, ondan faydalanmağı və gündəlik həyata təsirini dərk etməyi nəzərdə tutur. Bu gün müştəri xidmətlərini yaxşılaşdırmağa, böyük həcmdə olan məlumatları dəyərli fikirlərə çevirməyə, riskləri qiymətləndirməyə və iş təhlükəsizliyini artırmağa imkan verən ən son proqram təminatına sahibik. Özünü daim inkişaf etdirən müasir insan müxtəlif texnologiyaların imkanlarını bilməli və proqramçılar ilə eyni dildə danışmağı bacarmalıdır.

Texnoloji dizayn və proqramlaşdırma kompetensiyası kompüter və kompüter əsaslı olmayan texnologiyaların tədqiqi, dizaynı, inkişafı, tətbiqi, dəstəyi və idarə edilməsini nəzərdə tutur. Bu gün rəqəmsal dizayn proqramlaşdırma ilə eyni müstəvidədir, çünki texnologiya hər kəsin rəqəmsal məhsul və ya xidmət yaratmasına imkan verən bir səviyyəyə çatıb.

Dözümlü və stresədavamlı, çevik uyğunlaşan insan davranış və vəziyyətinə nəzarət edir, gərgin hallarda emosional vəziyyətini tənzimləyir , habelə multifunksional düşünməyi və məsələlərə baxışını dəyişməyi bacarır. Bu kompetensiyaya malik olan insan təzyiqlərə və gərginliklərə davam gətirməyi bacarır və stres şəraitində minimal həyacanla işləmə qabiliyyətinə yiyələnir.

Nəzəri düşüncə, problem həlli və ideyaların formalaşdırılması kompetensiyası hər hansı məsələnin həllində qanunauyğunluqları tapmağı, onların prinsiplərini və əlaqələrini müəyyənləşdirməyi, problemləri həll edən yeni fikirlərin yaranmasını nəzərdə tutur. Bu səriştələrə malik olan şəxs problemləri zehnində həll etməyə çalışır, induksiya və deduksiya metodlarından geniş istifadə edir.

#İnkişafkorporasiyası#iko#Davranışmədəniyyəti

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.